Haqqımızda

Green Karabakh Energy

Hidroelektrik stansiyaları dayanıqlı və yaşıl enerji təminatının əsas mənbələrindən biri kimi mühüm əhəmiyyət daşıyır. Qarabağın işğaldan azad edilmiş ərazilərində yerləşən çayların zəngin hidroenerji potensialı regionda bərpa olunan enerji layihələrinin həyata keçirilməsi üçün əlverişli şərait yaradır, onların iqtisadi səmərəliliyini isə əhəmiyyətli dərəcədə artırır.

Azərbaycan Respublikası Prezidentinin təsdiq etdiyi “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı” çərçivəsində, hidroenerji ehtiyatlarından səmərəli istifadə etməklə işğaldan azad edilmiş ərazilərdə “yaşıl enerji zonası” konsepsiyasının təşviqinə töhfə vermək məqsədilə, 27 dekabr 2023-cü il tarixində Azərbaycan İnvestisiya Şirkəti ASC ilə Türkiyənin aparıcı şirkətlər qruplarından biri olan Demirören Yatırım Holding A.Ş. arasında Birgə Müəssisənin yaradılmasına dair Saziş imzalanmışdır.

Bu strateji tərəfdaşlığın nəticəsi olaraq, 9 aprel 2024-cü il tarixində Kəlbəcər və Laçın rayonlarında Həkəri və Tərtər çayları üzərində yerləşən beş kiçik su elektrik stansiyasının bərpası və tikintisi layihəsini həyata keçirmək məqsədilə Green Karabakh Energy MMC (GKE) təsis edilmişdir.

Layihənin əsas məqsədləri dövlət–özəl sektor tərəfdaşlığının inkişafına təkan verilməsi, yeni iş yerlərinin açılması, eləcə də bərpa olunan enerji sahəsində texniki biliklərin, peşəkar bacarıqların və institusional potensialın gücləndirilməsidir. Bununla yanaşı, GKE ölkənin 2030-cu ilədək elektrik enerjisi istehsalında bərpa olunan enerji mənbələrinin payını 30 faizə çatdırmaq və istixana qazı emissiyalarını azaltmaq üzrə milli hədəflərinin reallaşdırılmasına da mühüm töhfə verəcəkdir.

Bu layihə işğaldan azad edilmiş ərazilərdə özəl sektor tərəfindən həyata keçirilən ilk hidroelektrik enerji layihəsi olmaqla yanaşı, Azərbaycan ilə Türkiyə arasında mövcud olan sarsılmaz qardaşlıq münasibətlərinin və strateji tərəfdaşlığının möhkəmləndirilməsinin parlaq nümunəsidir.

SƏHİFƏNİ SÜRÜŞDÜR